ŞirinSu

Su içməyin faydaları

16.10.2022 19:05

Su içməyin faydaları nələrdir Bilmədiyiniz Faktlar

Yaşamdakı ən önəmli olmazsa olmazlardan biri sudur. İnsanı ayaqda saxlayan vacib ehtiyaclardan biri olan su, vücudumuzun 60 %-ni əhatə edir. Bu səbəbdən də su içmək insan üçün böyük əhəmiyyət daşıyır. Təbii ki, su içməyin faydaları da insan vücuduna saysız müsbət töhfələr verir. İnsan bədəni elə bir mexanizm ilə çalışır ki, müəyyən bir müddət aralığında ac qala, heç bir qida qəbul etmədən yaşamağın mümkünlüyünü təmin edə bilir. Funksionallıqla işləyən bu mexanizmin, susuzluğa dözümlülüyünü isə təmin etməsi mümkün deyil. Bunun əsas səbəbi 85 % beyində, 80 % qanda, 70 % isə əzələlərdə su miqdarının olmasıdır. Belə ki, el arasında istifadə etdiyimiz “ehtiyac” sözünün ekvivalenti olan “Hava və su kimi lazımdır” ifadəsi də bu tədqiqatlarla öz əksini tapır. İfadə demişkən, Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” şeirindəki su ilə bağlı misraları da vurğulamadan keçə bilməzdik.

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da!

Ehtiyacdan ziyadə, bir sıra faydaları olub 1001 dərdin dərmanı olan suyun faydaları və yaxud da zərərləri nələrdir? Gəlin, bu haqqda ağız dolusu danışaq!

Gündəlik ehtiyaclarımızın çoxunu ödəmək üçün suya ehtiyacımızın olduğu 7-dən 70-ə hər kəsə məlumdur. Qəbul etdiyimiz qidanın həzm edilməsindən tutmuş tərləməyə və yaxud da ağlamağa qədər su, bir çox insan ehtiyacları üçün əvəzsiz bir maddədir. Bu əvəzsiz maddənin faydalarını isə aşağıdakı kimi sadalaya bilərik:

  • Ağız sağlamlığını qoruyur
  • Həzm sistemini yaxşılaşdırır
  • Qida borusu, mədə və bağırsaq yollarını təmizləyir
  • Oynaq iltihablanmasının qarşısını alır
  • Cildi sağlam və gənc edir
  • Vücud istiliyini tarazlayır
  • Böyrək və qaraciyər toksinlərini təmizləyir
  • Mineral, vitamin kimi maddələrin tez əmilməsini təmin edir
  • Qan dolaşımını sürətləndirir
  • Aclıq hissini azaldır
  • Baş ağrısını minimallaşdırır

Su içməyin demək olar ki, vücudumuzun daxili və ya xarici üzvləri üçün faydalı olduğunu bildik. Bəs su içməyin bir limiti varmı? Və yaxud da gün ərzində nə qədər su içsək bu faydalardan yararlana bilərik? Gəlin buna birlikdə nəzər yetirək.

Günlük Nə Qədər Su İçməliyik?

Hər gün bədəndən ifrazla orta hesabla 1500 və 200 ml, tərləmə və dəridən buxarlanma ilə 400 ml, tənəffüs yolu ilə orta hesabla 300 ml su sərf olunur. Ümumilikdə insan vücudu hər gün orta hesabla 2500 ml su itirir. Yaz aylarında bu miqdar təxminən 500 ml çoxalır. Qidadan aldığımız su bu ehtiyacın yalnız 20-30 %-ni ödəməyə kifayət edir. Bu səbəbdən də qidadan alınan su miqdarının ümumi bədən üzrə çatışmazlığını, su içərək tamamlamaq lazımdır. Bəs sağlam bir insan vücudu gün ərzində nə qədər su içməlidir? Tədqiqatlar əsasında da sübut olunmuşdur ki, sağlam bir bədənin 2-3 litr suya ehtiyacı vardır. Lakin, bu say, hər vücud tipi və orqanizmə görə individuallaşır. Belə ki, boy, çəki, yaş kimi faktorlar bədənin suya ehtiyac tələbinin miqdarını formalaşdırır. Ümumilikdə isə gün ərzində içilməli olunan su miqdarı orta hesabla 2-3 litr kimi nəzərdə tutulur.

Su Ehtiyaclarımızı Artıran Faktorlar

Gün ərzində ehtiyacınız olan su miqdarı nə qədər aktiv olduğunuzdan, ətraf mühitinizin temperaturundan və ümumi sağlamlığınızdan asılıdır. İdman edirsinizsə və ya tərləməyə səbəb olacaq bir fəaliyyətlə məşğul olursunuzsa, su içmək ehtiyacınız artacaqdır. Qısamüddətli orta intensivlikli məşq üçün 400-600 ml əlavə su tələb olunmaqdadır. Bu ehtiyac daha uzun və daha intensiv məşqlərlə artır. İsti və rütubətli mühit də tərləməni və bununla birlikdə suya ehtiyacı da artırır. Bunlardan başqa qızdırma, ishal, qusma kimi hallarda su itkisi artacaq və daha çox su içməyə ehtiyac yaranacaqdır. Hamiləlik və laktasiya dövrləri də su qəbulunun artırılması lazım olan vəziyyətlərdəndir. Çünki, hamilə qadınların gündə 2.5 litr, süd verən anaların isə gündə 3 litr maye qəbul etməsi tövsiyə olunur.

Səhər Su İçməyin Faydası

Uzun illərdir ki, səhər ac qarına su içməyin faydalarını sadalayırlar. Yuxarıda su içməyin faydalarını qeyd etdik indi isə səhər saatlarında su içməyin faydalarından bəhs edək. Səhərlər ac qarına su içmək, ilk növbədə mədə və bağırsaq divarlarını təmizləməkdədir. Sanki, səhər yeməyindən öncə gecədən qalma maddələri qida borusu və həzm yolundan arındırır.  Beləliklə, həzm sistemi qida qəbuluna hazırlanır. Bununla yanaşı, səhər su içmək maddələr mübadiləsinə də müsbət təsir göstərir. Su içmək maddələr mübadiləsinə verdiyi müsbət töhfə ilə artıq çəki problemindən də azad olmağı da təmin edir. Bu səbəbdəndir ki, dietoloqlar səhər ac qarına su içməyi şiddətlə tövsiyə edir. Hətta içdiyiniz suyun içərisinə yarım və ya bir dilim limon ataraq qaraciyərinizin toksinlərdən təmizlənmə prossesini də sürətləndirə bilərsiniz.

Su içməyin Böyrəklər üçün Faydaları

Böyrəklər orqanizmimizin filterləridir. Filter funksiyasını yerinə yetirən böyrəklərimiz, su balansını təmin edir və qan təyziqini tənzimləyir. Bir sözlə, böyrəklər olmasa vücudumuzun mexanizmi pozular. Bu səbəbdən də böyrəklərin sağlamlığının təminatı və qorunması mütləqdir. Böyrəklərin sağlamlığını təmin edən əsas amil isə sudur. Bədəndə əmələ gələn tullantıları ifrazla çıxarmaq üçün kifayət qədər su qəbul edilməlidir. Böyrəklər üçün su içməyin faydalarını belə sıralaya bilərik:

  • Böyrək yollarını təmizləyir  
  • Böyrək daşlarının əmələ gəlməsini əngəlləyir
  • Elektrolit pozğunluğunun qarşısını alır

Bir sözlə, su həyatdır. Su ilə həyat keyfiyyətinizi artırın və sağlam vücudla yaşayın!

Məqalələr:

İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
İçməli Suyun Uzunmüddətli Saxlanması Üçün Ən Yaxşı Təcrübələr Hansılardır?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su İçməyin Dərinizə Nə Kimi Faydaları Var?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
Su dispenserindən istifadə etməyin üstünlükləri nələrdir?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
İçməli suyun keyfiyyətini necə yoxlamaq olar?
Ofislərə və Şirkətlərə Su Sifarişi
Ofislərə və Şirkətlərə Su Sifarişi
Keyfiyyətli su
Şipşirin 😘
Onlayn ödəniş imkanı
Çox rahat 🤩
Sürətli çatdırılma
Raket sürəti ilə 😊
ŞirinSu WhatsApp